İspaniyanın Barselona şəhərində ermənilərin təşkil etdiyi “Los héroes de la guerra de Artsakh” (Qarabağ müharibəsi qəhrəmanları) adlı təxribat xarakterli konsert əleyhinə həmyerlilərimiz etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, İspaniyanın ayrı-ayrı bölgələrində yaşayan 31 həmyerlimiz bir araya gələrək Qarabağda ölən əsgərlərinə ruhuna ithaf olunan konsertin əleyhinə çıxıblar.
Medina de Pomar şəhərində yaşayan Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası (ACAE) direktorlar şurasının yaşadığı bölgə üzrə direktoru Vahid İmanovun sözlərinə görə, Barselonanın mərkəzi küçəsində 600-dən çox erməni olsa da, azərbaycanlıların reaksiyasından çəkinərək gizlicə gətirdikləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırmayıblar:
“İlk dəfə belə bir təxribatçı konsertin keçiriləcəyini eşidəndə Barselonaya gəlib yerindəcə məsələni öyrəndik, sonra ACEA prezidenti Fərid Mustafayevlə birlikdə qüvvələrimizi səfərbər etdik, İspaniyada yaşayan həmyerlilərimizlə aksiya keçirməyə qərar verdik. Biz dinc şəkildə etirazımızı bildirdik. Ermənilər polis çağırdılar, Fərid Mustafayev polisə vəziyyəti izah edəndən sonra heç bir müdaxilə etmədən ayrıldılar.
Yaşadığım şəhərlə Barselona arasında məsafə 800 km-ə yaxın olsa da, tədbirdə iştirakı müqəddəs borc bildim. Bu tədbirdə iştirak etməyə bilməzdim. Ən əsası odur ki, separatçıların bayrağının aksiyada qaldırılmasına imkan vermədik”.
Vahid İmanov qeyd edib ki, Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyasının Fransadan olan üzvləri də aksiyada fəallıq göstərib.
Etiraz aksiyasında ispan dilində yazılmış “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “31 Mart - Azərbaycanlıların soyqırımı günüdür” pankartları nümayiş etdirilib.