2 Aprel 2019 13:22
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının övladları Səudiyyə Ərəbistanı hakimiyyətindən külli miqdarda təzminat alıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti situasiya ilə tanış olan anonim mənbəyə istinadən məlumat yayıb.

Belə ki, Qaşıqçının iki oğlu və iki qızına krallığın ərazisində hər birinin dəyəri 4 milyon dollar olan ev bağışlanıb. Onlara, həmçinin, hər ay ən azı 10 min dollar həcmində ödəniş olunur.

Mənbə bildirib ki, burada məqsəd jurnalistin uşaqlarının qətllə bağlı bəyanatlar verməsinin qarşısını almaqdan ibarətdir.

Nəşrin məlumatına görə, cinayətin icraçıları üzərində məhkəmə başa çatdıqdan sonra qurbanın uşaqlarına on milyonlarla dollar təzminat ödənilə bilər. Ölkə hökumətindəki mənbə bunu cinayətlərdən və bədbəxt hadisələrdən əziyyət çəkən vətəndaşlara çoxillik maliyyə yardımı praktikasının mövcudluğu ilə izah edib.

C.Qaşıqçının dörd övladından yalnız biri – Salah hələ də Səudiyyə Ərəbistanında yaşayır. Digərləri ABŞ-da məskunlaşıb və hakimiyyətdən alınan əmlakı satmağı planlaşdırırlar.

“Vaşinqton Post” yazır: “Öldürülən jurnalistin ailə üzvləri Səudiyyə monarxiyasını tənqid etmirlər, baxmayaraq ki, Qaşıqçının ölümünə dair təhqiqat dünya miqyaslı sensasiyaya çevrilmişdi və vəliəhd şahzadə Məhəmməd bin Salmanın reputasiyasına ciddi zərbə vurmuşdu”.

Qətlə yetirilən jurnalistin oğulları keçən ilin noyabr ayında Qaşıqçının krallıq hakimiyyətinə qarşı olmadığını, əksinə monarxiyaya inandığını və onu dəstəklədiyini bildirmişdilər. Bundan öncə – oktyabr ayında isə Salah və Camal Qaşıqçının qardaşı Sahel vəliəhd şahzadə ilə ictimaiyyət önündə görüşüb onun əlini sıxmışdılar.

Camal Qaşıqçı ötən ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşüb. Oktyabrın 23-də onun Baş Konsulluq iqamətgahının ərazisində cəsədi tapılıb. Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları jurnalisti oğurlayıb, işgəncələrə məruz qoyub və qətlə yetiriblər. Türkiyə hakimiyyətinin təhqiqatı qətlin icraçılarının Məhəmməd bin Salmanla bağlı olduğunu ortaya çıxarıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər