“Fevralın 24-də Moldovada parlament seçkiləri keçirilib. Seçkilərin nəticəsinə görə, heç bir partiya təkbaşına hökumət qurmaq imkanı qazanmayıb. Buna görə də Moldovanın ruspərəst prezidenti İqor Dodon rəqibi – Demokrat Partiyasının lideri Vladimir Plaxotnyukla danışıqlar aparmaq məcburiyyətində qalıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, iş adamı olan Vladimir Plaxotnyuk eyni zamanda qərbpərəst siyasətçidir:
“Bu səbəbdən Kremlin onu görməyə gözü yoxdur, Rusiyada Plaxotnyuka qarşı iki cinayət işi açılıb. Buna baxmayaraq, ruspərəst Dodon qərbpərəst Plaxotnyukla koalisyon hökumət formalaşdırmağın yollarını arayır. Kreml isə öz adamı Dodona mesaj göndərib: “Nəbadə düşmənimiz olan Plaxotnyukla hökumət qurasan!”
Rusiya hakimiyyətinin bu əmrini Kremlə bağlı jurnalist Dmitri Kiselyov dövlət kanalı RTR-dəki özünün “Vesti nedeli” proqramında bir daha Dodonun diqqətinə çatdırıb: “Əgər Plaxotnyukla ittifaq yaratsan Rusiyadan aldığın dəstəkdən məhrum olacaqsan”.
Kremlin köşəyə sıxışdırdığı Dodon Putinlə dostluğuna rəğmən, dözməyərək deyib ki, “kənar yanaşmalar daxili siyasətimizə təsir etməməlidir”.
Kreml vaxtilə Ukraynadakı adamı – keçmiş prezident Viktor Yanukoviçi də bu şəkildə köşəyə sıxışdıraraq yazığı çarəsiz duruma sürüklədi. Nəticəsi bəllidir: Yanukoviç hakimiyyətini itirərək qaçdı, Ukraynda separatçı bölgə yarandı, Krım ilhaq olundu, Rusiyaya qarşı sanksiyalar qəbul olundu. İndi də eyni üsulla Moldovanı əzmək istəyirlər. Növbədə daha hansı ölkə və ölkələr var?”