4 Aprel 2019 14:07
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda fars muğam musiqisinin məşhur simalarından olan Süheyla Gülüstani mahnılarından birini sosial şəbəkələrdə yaydığına görə məhkəməyə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Süheyla Gülüstani bildirib ki, o hökumətin qadın müğənnilərinin fəaliyyətinə qoyduğu qadağa və məhdudiyyətlərə riayət etmədiyinə, ifa etdiyi mahnılarından birini sosial şəbəkədə yaydığına görə məhkəməyə çağırılıb:

“İnqilab məhkəməsi mahnı oxuduğuma görə məni ictimaiyyət qarşısında haram iş görməkdə günahlandırıb. Mənə qarşı bu ittiham xalqım üçün mahnı oxuduğuma görə irəli sürülüb və mən insanlara mahnı oxumaqda günahlandırılmışam.

Lakin nə etmək olar? Bütün bu təzyiqlərə baxmayaraq, oxumaq sevgim və həvəsim heç vaxt azalmayıb və bu sevgi həmişə mənimlə olub”.

Xanəndəlikdən başqa həm də musiqi sahəsində pedaqoji fəaliyyətlə məşğul olan Süheyla Gülüstani Yaponiyanın Mikimoto Universitetinin fəxri doktor adına layiq görülüb.

Qeyd edək ki, İran İslam Respublikasında qadın müğənnilərinin ictimai yerlərdə və ya kişilər qarşısında mahnı oxuması qadağandır.

Qadın müğənnilər məhdud şəkildə əvvəlcədən müəyyən edilmiş qapalı yerlərdə, yalnız xanımların qarşısında oxuya bilərlər. Bunun üçün də onlar əvvəlcədən İranın İrşad Nazirliyindən icazə almalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər