5 Aprel 2019 12:43
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik və alkoqol testindən keçməsi üçün qandan analiz verən Ukrayna Prezidenti Petro Poroşenkonun damarını həkimlər birinci dəfədən tapa bilməyiblər.

Teleqraf.com xəbər verir ki, olay Ukrayna liderinin rəsmi “Feysbuk” səhifəsində canlı yayımlanıb.

Həkim əvvəlcə sol əldən qan götürmək istəyib, ancaq cəhdin uğursuz olduğunu görüb prezidentdən digər əlini verməyi xahiş edib. Kadrlardan görünür ki, sağ əldən qan götürmək də asan olmayıb. Bu zaman həkim briqadası köməyə gəlib.

Test üçün ilk analiz şoumen, prezidentliyə namizəd Vladimir Zelenskidən götürülüb. V.Zelenski “Olimpiya” Milli İdman Kompleksinin tibb məntəqəsinə etibar etmədiyindən prosedur özəl klinikada həyata keçirilib.

Analiz vermək məsələsi komikin Poroşenko ilə debata çıxmağa razılıq verməsindən sonra başlayıb. Ancaq o bir şərtlə razılaşıb ki, debat Ukraynanın ən böyük stadionunda keçiriləcək. Ukraynanın hazırkı lideri debatın “Olimpiya” stadionunda keçirilməsinə razılaşıb.

Prezident seçkilərinin ikinci turu öncəsi debat aprelin 19-da, Kiyev vaxtı ilə 20:00-21:00 arasında (Bakı vaxtı ilə 21:00-22:00) keçiriləcək. Debatın moderatorluğu prezidentliyə keçmiş namizəd Yuliya Timoşenkoya təklif edilib. Ancaq o, düşünmək istədiyini bildirib.

Artıq analizin nəticələri açıqlanıb. Prezidentin qanında psixoaktiv maddələr tapılmayıb.


Müəllif: Səxavət