Rusiya Prezidenti Vladimir Putinlə Estoniya Prezidenti Kersti Kalyulaydın qarşıdakı görüşündə müzakirə olunacaq məsələlərdən biri də bu Baltikyanı ölkənin təhlükəsizliyi məsələsi olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, V.Putin Estoniyanın qorxularını aradan qaldırmaq niyyətindədir:
“Rusiya Prezidenti Vladimir Putin bu görüşdə Estoniyanın təhlükəsizlik məsələsində qorxusunu aradan qaldırmaq istəyir. Görüşün məqsədi liderlərin bir-birini yaxından tanış olması və aktual məsələləri müzakirə etməkdir”.
Bununla belə, o vurğulayıb ki, görüşdən konkret qərarların gözlənilməsinə ehtiyac yoxdur.
Estoniya Prezidentinin dəftərxanası Kersti Kalyulaydın aprelin 18-də ölkəsinin Moskvadakı səfirliyinin bərpa edilmiş binasının açılışında iştirak edəcəyinə dair xəbər yayıb. O, səfər çərçivəsində Rusiyanın lideri ilə görüşməyi planlaşdırır. Bu, Estoniya Prezidentinin son 8 ildə Rusiyaya ilk səfəri olacaq.
K.Kalyulaydın sözlərinə görə, V.Putinlə qarşıdakı görüş iki ölkə arasında münasibətlər baxımından mühüm olacaq. Hazırda Kremldə iki ölkə liderinin görüşünün hazırlanmsı üzərində iş gedir.