İstanbul Medipol Universitetində 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma həsr edilmiş konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, konfrans Azərbaycan Gənclər İstanbul Hərəkatı və Medipol Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə soyqırımın tarixi, Türkiyə və Azərbaycanın bu yöndə xarici ölkələrdə həyata keçirdikləri diaspor fəaliyyətindən danışılıb.
Konfransda İstanbul Aydın Universitetinin professoru Raqıb Kutay Karaca, beynəlxalq münasibətlər üzrə ekspert-politoloq Ramiyə Məmmədova, Azərbaycan Yazıçılar Birliyin üzvü Qabil Ədalət, Tibb Elmləri Universitetinin Tələbə Birliyinin rəhbəri Hazar Döş, jurnalist Rəşad Rza, Medipol Universitetinin tələbələri və digər şəxslər iştirak edib.
Konfransda çıxış edən Raqıb Kutay Karaca Türkiyə-Ermənistan münasibətləri haqda danışıb və ölkəsinin hər zaman Azərbaycana – qardaş dövlətə dəstək verdiyini bildirib.
Politoloq Ramiyə Məmmədova isə “Erməni siyasi idelogiyası” mövzusunda çıxış edib.
Politoloq ermənilərin tarixi saxtalaşdırdığını, tarixin heç bir mərhələsində erməni dövlətinin olmadığını, ermənilərin Azərbaycan ərazilərinə Çar Rusiyası tərəfindən köçürüldüyünü iştirakçıların diqqətinə çatdırıb.