Qazaxıstanın informasiya və ümumi inkişaf naziri Dauren Abayev ölkə prezidentinin Moskvaya səfəri barədə məlumat verib, həmçinin, Qasım-Jomart Tokayevin ailə vəziyyəti ətrafında yaranmış anlaşılmazlığı şərh edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tengrinews.kz” xəbər yayıb.
Qeyd edək ki, Qazaxıstanın yeni prezidentinin ailə vəziyyəti bir neçə həftədir müzakirə olunur. Jurnalistlər müxtəlif tədbirlərdə prezidentin adsız barmağında üzük olduğunu müşahidə ediblər. Baxmayaraq ki, Ak Ordanın rəsmi saytında Tokayevin evli olmadığı qeyd olunub.
“Mən bu söhbətlər barədə eşitmişəm, amma qorxuram ki, kimlərisə məyus edəcəyəm. Mənim bildiyim qədər haqqında danışılan üzük Qasım-Jomart Kemeleviçə yubileyi münasibətilə bağışlanmış xatirə hədiyyəsidir. Bu, nişan üzüyü deyil və prezidentin ikinci nikahı yoxdur”, – deyə nazir bildirib.