“Ermənistanın müdafiə naziri David Tonoyan iki ay içərisində iki dəfə “biz daha çox torpaq işğal edə bilərik” deyəndə bu açıqlamanın arxasında Baş nazir Nikol Paşinyanın dayandığını demişdim. Əgər bu gün Tonoyan mövqeyini 180 dərəcə dəyişib “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Paşinyanın istəyi dayanır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, David Tonoyan son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb:
“Bəs necə oldu ki, həm Paşinyanın, həm də Tonoyanın ritorikası qəfil dəyişdi? Axı Paşinyan özü deyirdi ki, Tonoyan “müharibə” əvəzinə “sülh” desə, onu qovaram.
Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərinin dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir. Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu.
Bu arada ən doğru açıqlama Paşinyanın xanımından gəlib: “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb”. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə, hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Bu çalışmalarını davam etdirsinlər. Bizə ziyan deyil”.
Elxan Şahinoğlunun sözlərinə görə, baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz:
“Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Buna baxmayaraq, biz də yeni ideyalarla çıxış edə bilərik. Məsələn Paşinyanın “formatı dəyişək” təklifi qarşılığında biz də danışıqların “2 + 2 modelini” irəli sürə bilərik. Yəni rəsmilər ayrı, Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri ayrı görüşsünlər”.