“Mübahisəli şəhərlərdən biri Ankaranın yeni seçilmiş sədri Mansur Yavaş öz mandatını aldı. Mübahisəli şəhərlərdən biri İğdır idi, burada da MHP-nin namizədi Yaşar Tezelin etirazı qəbul edilmədi”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, digər mübahisəli şəhər İzmirdə də CHP-nin namizədi qalib gəlib və öz mandatını alıb:
“Yeganə mübahisəli şəhər İstanbul qalır. Ərdoğan Moskvaya səfərindən əvvəl bəyanat etdi ki, 13-15 min səs fərqi ilə bələdiyyə sədri seçilmək olmaz. Bu da o ehtimalı yaradır ki, İstanbulda seçkilərin nəticələri ləğv edilə və yeni seçkilər keçirilə bilər.
Amma demokratik qaydalara görə, bir səs fərqi ilə də qalib gəlmək mümkündür. Bu, dünya təcrübəsində də var, demokratiyanın prinsipidir.
Son nəticələrə görə isə, CHP-nin namizədi Əkrəm İmamoğlu 25 min səs fərqi ilə öndədir. Etibarsız bülletenlərin 93 faizi sayılıb. Amma düşünmürəm ki, yekun nəticələr bəlli olduqdan sonra Türkiyə miqyasında kütləvi etirazlar baş versin.
Ölkədə sabitliyin pozulması Ərdoğan hakimiyyətinin özünə də sərf etmir. Çünki seçkilərin ümumi nəticəsində AKP səslərin 44 faizindən çoxunu toplayıb. AKP-nin də daxil olduğu “Cümhur İttifaqı” isə ümumilikdə 51 faizdən çox səs toplayıb. Bu baxımdan sabitliyin pozulması Ərdoğan hakimiyyətinə sərf eləmir. Bu, Ərdoğanın elan etdiyi demokratiya prinsipinə də ziddir”.
Sədrəddin Soltan qeyd edib ki, İstanbul şəhərində müxalifətin qalib gəlməsi ehtimalı yüksəkdir:
“İstanbul ölkənin ən böyük şəhəridir. Siyasətçilərə görə, kim İstanbulu “fəth” etsə, Türkiyədə hakimiyyəti o, ələ keçirəcək. Bu baxımdan, AKP 2023-cü ildə keçiriləcək parlament seçkilərində məğlub ola bilər. Amma ümumi seçkilərin nəticələrinə görə AKP hələ uduzmayıb”.