Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin anası “Qromadska” telekanalına verdiyi müsahibədə hazırkı dövlət başçısı Petro Poroşenkonun fəaliyyətini qiymətləndirib və oğlunun siyasətə gəlməsinin səbəbi barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Rimma Zelenskaya deyib:
“Onun pula ehtiyacı yoxdur, inanın. O, prezident kimi indikindən daha az alacaq. O, sadəcə istəyir ki, Ukraynada hər şey dəyişsin, gənclər ölkədən qaçmasınlar, öz ölkələrində qalsınlar. O, sadəcə bizdə insanların necə yaşadığına seyrçi qala bilmir. Bizdə pensiyaçılar qəpik-quruş alırlar. Pensiya alırlar, ancaq dərman ala bilmirlər”.
Zelenskayanın sözlərinə görə, onun oğlu öz əməyi ilə pul qazanan dürüst insandır. Bununla belə ona çamur atırlar, siyasi planlarda iştirak etməkdə, Kremllə sövdələşmədə ittiham edirlər. Çünki bu, hazırkı prezident Petro Poroşenkoya sərf edir.
“Mənə deyin, bir insana nə qədər palçıq atarlar? Bütün kanallardan yalnız çamur tökülür! Mən hesab edirəm ki, bu, Poroşenkoya sərf edir. Bununla Poroşenko onu sadəcə məhv edir! Hər halda bir insanda olmalı olan mədəni keyfiyyətlərin hamısı Vladimirdə var”, – deyə R.Zelenskaya bildirib.
69 yaşlı Rimma Vladimirovna Zelenskaya pensiyaçıdır. Qırx il mühəndis işləyib.