Sudan Müdafiə naziri Avad bin Avf ölkədə qiyam etdiyini və iki illik keçid dönəminin başladığını elan edib. Avf dövlət televiziyasında etdiyi çıxışında Prezident Ömər əl-Bəşirin həbs edildiyini də açıqlayıb.
Qiyamın baş tutmasından sonra bunun arxasında hansı qüvvənin dayandığı barədə suala da artıq cavab tapılıb. Əl-Bəşirin həbs edilməsindən sonra ABŞ-dan olan nümayəndə heyətinin Sudana səfər edərək, qiyamçılarla görüşməsi qaranlıq məqamları aydınlaşdırıb.
Teleqraf.com xəbər verir ki, çevrilişin ölkəyə demokratiya gətirəcəyinə ümid edən xalqın əksinə olaraq, Avf Sudanda 3 aylıq fövqaladə vəziyyət elan edib və ölkə miqyasında 1 ay ərzində saat 19:00-dan sonra küçələrə çıxmağı qadağan edib.
Bununla belə, Avf keçid dönəminin başa çatmasından sonra seçkilərin keçiriləcəyi və hakimiyyətin dinc yolla təhvil veriləcəyini iddia edib.
Əlavə edək ki, Sudanda kütləvi nümayişlər 2018-ci ilin dekabrın 19-da bahalaşmaya etiraz olaraq başlayıb. Ömər əl-Bəşirdən hakimiyyəti könüllü təhvil vermək tələb edilirdi. Bir neçə gün əvvəl yenidən qızışan nümayişlərdən sonra ordu etirazçıları dəstəkləyərək, iqtidardakı Milli Konqres Partiyasının liderini və digər yetkilələrini həbs etdiyini açıqladı.
30 illik rejimin sonu
30 ildir Sudana rəhbərlik edən əl-Bəşir də istefa vermək məcburiyyətində qaldı. Qiyama rəhbərlik edən Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Kamal Əbdül-Marul isə keçid hərbi hökumətinin başçısı elan edildi. Lakin xalq buna da etiraz edərək, generalı kürsüdən saldı. Bundan sonra ABŞ-dan olan nümayəndə heyətinin Sudana səfər edərək, Avfın başçılıq etdiyi keçid hökumətinin yetkililəri ilə görüşməsi isə vəziyyəti bir qədər mürəkkəbləşdirdi.
Rusiya Sudanda baş vermiş qiyama bundan sonra etiraz etdi. Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev bəyanat yayaraq, Sudanda hakimiyyətə gəlmiş yeni qüvvələrin legitimliyini tanımadıqlarını bəyan etdi.
Qiyamla gəlmişdi
Keçən ilin dekabr ayında Əl-Bəşirə qarşı başlayan nümayişin ən böyüyü, eyni zamanda keçmiş prezident Cəfər Nimeyri devirən qiyamın 34-cü ildönümündə baş verdi. Yəni, qiyamla hakimiyyətə gəlmiş Əl-Bəşir qiyamla da yola salındı. Getdikcə miqyası genişlənən nümayişlərin hakimiyyəti və şəxsi həyatı üçün təhlükə yaradacağını ehtimal edən Əl-Bəşir isə fevral ayında bütün Sudan ərazisində fövqaladə vəziyyət elan etmişdi.
Xalq niyə etiraz edir?
Əvvəlcə sosial tələblərlə başlayan etirazlar ordunun dəstək verməsilə siyasi müstəviyə çıxdı. Əl-Bəşir hökumətindən bahalaşmanın qarşısını almağı tələb edən etirazçılar bu tələbin yerinə yetirlmədiyini gördükdən sonra prezidentdən istefa tələb etdilər. Hökumət isə bundan əvvəl yanacaq və çörəyin qiymətlərinin bahalaşacağını açıqlamışdı. Bu bahalaşma xəbərdarlığından bir il əvvəl isə inflyasiya pik həddə yüksəlmiş, Sudan sterlinqi kəskin dəyər itkisinə məruz qalmışdı.
Ölkənin başçısı Ömər əl-Bəşir isə tez-tez insan haqlarını pozmaq ittihamları ilə gündəmə gəlirdi. Beynəlxalq Cəza Məhkəməsi Sudan liderini soyqırım, hərbi cinayət və insan haqlarını kobud formada pozma iddiaları ilə ittiham etmiş, barəsində həbs qərarı vermişdi. Xarici və daxili təhdidlərin artdığını görən Əl-Bəşir geri çəkilmək haqda düşünməyə başlasa da, bunun əksinə gedərək, fevral ayında ölkədə fövqaladə vəziyyət elan etdi. O, iqtidarın yalnız seçkilər yolu ilə dəyişəcəyini elan edərək, etiraz nümayişlərini bir qədər də qızışdırdı.
Qiyamçılar kimlərdir?
Nümayişlərə səhiyyə işçiləri və vəkillərdən ibarət SPA təşkilatı başçılıq edirdi. Dövlət rəsmilərinin hədəf alınmasından sonra həkimlər nümayişlərin təkanverici gücü kimi ortaya çıxdılar. Etirazçıların üçdə iki hissəsini isə feminist qadınlar təşkil edirdi. Qiyamın əsas mərkəzi isə paytaxt Xartum idi.
Sudanı hədəfə gətirən əsas faktorlar
Aralıq dənizin sahilində yerləşən Sudan strateji coğrafi mövqeyə sahib olmaqla yanaşı, zəngin təbii sərvətlərə də sahibdir. Xrom, uran, qızıl, mis, asbest, dəmir və digər yeraltı təbii sərvətlərə malikdir. Hökumət isə ölkənin əsas gəlir mənbəyi olan bu sahələri öz monopoliyasında saxlayır. Buna görə də ölkə əhalisinin 90%-i yoxsulluq həddində yaşayır. Sadə sudanlıların 90%-i üçün əsas məşğuliyyət kənd təsərrüfatı və maldarlıqdır.
Oğurlanmış inqilab
Hakimiyyəti ələ keçirdikdən sonra yenə də xalqa diş qıcayan hərbi xuntanın da sudanlılar üçün çıxış yolu olacağı ehtimalı aşağıdır. 1989-cu ildə qiyamla qurulan Əl-Bəşir hökumətinə qarşı on illərdir davam edən mübarizənin son nəticəsi Sudanı düşdüyü bataqlıqda daha da dərinə batıra bilər. Buna görə də qiyamçılar hərbi xuntanı inqilabı oğurlamaqda ittiham edirlər.
Xartumda görüş və...
Hərbi xuntanın ABŞ, İngiltərə və Norveç kimi Qərb dövlətləri ilə işbirliyində olduğu ehtimalları isə özünü təsdiq etməyə başlayıb. Xartumda bir araya gələn bu dövlətlərin səfirləri yeni hökuməti də iqtisadi sektorları öz əlinə almağa çağırıb. Toplantıda devrilmiş Əl-Bəşir rejiminin Rusiya ilə işbirliyində olmasının müzakirəsi isə inqilabın hansı səbəbdən baş verdiyinə dair gedən müzakirələrin final nöqtəsi sayıla bilər. Bundan əvvəl isə Rusiyanın “Vaqner Qrupu” adlandırlan xüsusi təyinatlılarını Sudana əl-Bəşir rejiminə dəstək məqsədilə göndərdiyi geniş müzakirə mövzusuna çevrilmişdi.
Hazırda isə qiyamın məsuliyyətini üzərinə götürən Müdafiə naziri Avf ABŞ və İngiltərə ilə birlikdə inqilabı oğurlamaqda ittiham edilir. Qiyamın ölkəsinə xoşbəxtlik gətirməyəcəyini ehtimal edən etirazçılar isə nəhəng silah cəbbəxasına sahib hərbi xunta ilə qarşı-qarşıya qalıb. Vəziyyətin daha təhlükəli hal alacağını ehtimal edən müxalifət siyasi partiyaları xalqa müraciət edərək, tələblərinin yerinə yetirilməsinədək oturaq mitinqlərə başlamaq çağırışı edib.