ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəyə qanunsuz gələn qaçqınları Demokrat Partiyasının üzvü olan bələdiyyə sədrlərinin şəhərlərinə yollayacaq.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın cənub sərhədində qaçqın sayının artması və Meksika ilə sərhədə hasar çəkmək planının baş tutmamasından əsəbiləşən Donald Tramp belə açıqlama ilə çıxış edib.
Prezident yeni planını Ağ Evdə jurnalistlərlə söhbəti zamanı açıqlayıb: “Demokratların çox təhlükəli olan qaçqın qanunlarımızı dəyişdirmək istəmədiyi üçün qanunsuz qaçqınları ancaq demokratların qalalarına yerləşdirmək üçün hazırlıq görürük”.
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi isə vətəni San-Fransiskonun qaçqın sığınacağı olduğunu xatırladaraq bildirib ki, ABŞ prezidentliyinə layiq olmayan biri Amerikanın köçkünlər ölkəsi olduğunu unudur.