Bu gün səhər İranda milli ordu günü münasibətilə hərbi parad keçirilib.
Teleqraf.com xəbər verir ki, parad islam respublikasının qurucusu Ruhulla Musəvi Xomeyninin Tehranın 40 kilometrliyində yerləşən məqbərəsi önündə baş tutub.
Paradda çıxış edən İran Prezidenti Həsən Ruhani deyib:
“Mən region ölkələrinə demək istəyirəm ki, İran İslam Respublikasının Silahlı Qüvvələri sizə və sizin milli maraqlarınıza qarşı deyil. Onlar işğalçılara qarşıdırlar. Bizim problemimizin kökündə sionist rejimi və amerikan imperializmi dayanır”.
H.Ruhani İran Silahlı Qüvvələrinin hazırda heç zaman olmadığı kimi, güclü olduğunu vurğulayıb.
Paradda raketlər, kiçik sualtı qayıqlar, zirehli texnika, radarlar və radielektron mübarizə sistemləri nümayiş olunub. Həmçinin, ilk dəfə olaraq İran istehsalı olan “Kövsər” və “Saeqeh” qırıcı təyyarələri, həmçinin Rusiyadan alınmış S-300 zenit raket kompleksi və MiQ-29, o cümlədən F-4 Phantom və F-14 Tomcat təyyarələri görüntülənib.