Fransalı müstəntiqlər Notr-Dam kilsəsində yanğının başladığı dəqiq yeri müəyyən ediblər.
Ekspertlər çox sayda video və fotoşəkilləri nəzərdən keçirdikdən sonra yanğın ocağının kilsənin mərkəzində yerləşdiyi qənaətinə gəliblər.
Polis təhqiqat çərçivəsində kilsədəki yanğın siqnalizasiyasının işinə də xüsusi diqqət ayırıb. Belə ki, siqnalizasiyasının düzgün işləməməsi versiyası mövcuddur. Təhlükəsizlik xidmətinin yanğından alovun hündürlüyü demək olar ki, 3 metrə çatdıqdan sonra xəbər tutması təhqiqatçıların bu fikrə gəlməsinə səbəb olub.
Bir müddət öncə Notr-Dam kilsəsində yanğın siqnalizasiyasının iki dəfə işə düşdüyü bildirilirdi. Əməkdaşlar ilk siqnal zamanı yanğının şahidi olmayıb, alov yalnız 23 dəqiqədən sonra - siqnalizasiya ikinci dəfə işə düşdükdə aşkarlanıb.
Müstəntiqləri bərpa işləri üçün quraşdırılmış liftlər də maraqlandırır. Bir qədər əvvəl yerli KİV-lər təhqiqatçıların yanğının mümkün səbəbləri arasında qısa qapanmanı da istisna etmədiklərini yazmışdı.
Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb və onu yalnız aprelin 16-da səhər saatlarında söndürmək mümkün olub. Alov kilsənin şpilini, saatını və damının böyük hissəsini məhv edib.
Fransa paytaxtının düz mərkəzində yerləşən Notr-Dam kilsəsi Parisin simvolu sayılır, həmçinin Avropada ən məşhur abidələrdən biridir. Onu ildə 14 milyon insan ziyarət edirdi.
Fransa Prezidenti Emmanuel Makron qarşıya kilsəni beş il ərzində bərpa etmək vəzifəsi qoyub.