Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko prezident seçkilərinin ikinci turunda səs verib.
Teleqraf.com Ukrayna KİV-nə istinadla xəbər verir ki, dövlət başçısı Kiyevdəki Müqəddəs Maykl kilsəsindəki Pasxa bayramı ilə bağlı keçirilən mərasimdə iştirak edəndən sonra ailəsi ilə birlikdə Zabitlər evinə gedib. O, öz səsvermə hüququndan Kiyevdəki Zabitlər evində istifadə edib.
Prezident bülleteni qutuya nəvəsi ilə birlikdə atıb.
Səsvermədən sonra jurnalistlər qarşısında çıxış edən Poroşenko ölkədə ədalətli, şəffaf seçkilər keçirildiyini bildirib: “Ukrayna demokratik yolla irəliləyir, Avropa İttifaqına inteqrasiya edir. Avropa yolunda islahatlar davam edəcək. İnanıram ki, xalq öz düzgün seçimini edəcək, ədalətli, demokratik seçki qalib gələcək”.
Qeyd edək ki, seçkilərin ikinci turunda Petro Poroşenko prezidentlik uğrunda Vladimir Zelenski ilə mübarizə aparır.