21 Aprel 2019 22:43
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Axmeti rayon bələdiyyəsinin ərazisində keçirilən etiraz aksiyasında baş vermiş qarşıdurmada 30-a yaxın insan xəsarət alıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib.

Bildirilib ki, polislə aksiya iştirakçıları arasında baş vermiş qarşıdurmada 27 nəfər xəsarət alıb. Onlardan 12-si yerli sakin, 15-i xüsusi təyinatlı polis əməkdaşıdır. Səkkiz polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Nazirik əhalini sakitliyə və sabitliyi bərpa etməyə çağırıb. Qeyd olunub ki, hazırda hadisə yerində polis avtomobili, az sayda polis əməkdaşı qalıb. Aksiya iştirakçılarının bir hissəsi evlərinə gedib. Amma ərazidə gərginlik davam edir. Qarşıdurma zamanı yandırılmış polis avtomobili və SES-in tikintisi üçün əraziyə gətirilmiş ağır yük maşınları hələdə ərazidən çıxarılmayıb.

Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Axmeti rayon bələdiyyəsinin ərazisində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti olaraq Pankisi dərəsində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Aksiya iştirakçıları polisə dəyənək, küt alətlərlə xəsarət yetiriblər. Bəzi naməlum şəxslər polisə “molotov kokteylləri” atıblar. Nəticədə bir neçə avtomobil yanıb.
/Azərtac/


Müəllif: Teleqraf.com