Sudanın paytaxtı Xartumda həkimlər, jurnalistlər, hakimlər, mühəndislər, tələbələr və idmançıların davam edən etiraz nümayişlərinə qoşulması ilə vəziyyət yenidən qarışıb.
Teleqraf.com xəbər verir ki, Ömər əl-Bəşirin 30 illik hakimiyyətinə son qoyan və bundan sonra demokratik iqtidar tələbinə çevrilən aksiyalara Şendi, Medeni, Rufa, Əl-Menakıl və Kusti kimi ölkənin ayrı-ayrı şəhərlərindən dəstək verilib.
Bundan başqa, Faşir və Kadarif şəhərləri də kütləvi nümayişlərə qoşulanlar arasındadır.
Etirazçılar Hərbi Keçid Şurasından hakimiyyəti demokratik qüvvələrə təslim etməsini tələb edirlər.
Sudan müxalifətini öz çətiri altında birləşdirən Azadlıq və İnkişaf Qüvvələri hərbi xuntanın hakimiyyəti vətəndaşlara təslim etməsi üçün milyonluq mitinq çağırışı edib.
Nümayişlərin 20-ci günündə etirazçılar tələblərinin yerinə yetirilənədək aksiyalara davam edəcəklərini açıqlayıb.