İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri jurnalistlərə açıqlamasında Hörmüz boğazından və İran neftinin ixracatından danışıb.
Teleqraf.com xəbər verir ki, o, İranın Hörmüz boğazının təhlükəsizliyinin qorunmasının tərəfdarı olduğunu bildirib:
"Biz Hörmüz boğazını bağlamaq niyyətində deyilik. Lakin əgər düşmənlərin ölkəmizə qarşı etdikləri dözülməz həddə çatsa, başqa çarə və yol qalmadığı təqdirdə, məcburiyyət qarşısında bunu edə bilərik. Aydın məsələdir ki, bu barədə ölkənin yüksək vəzifəli rəhbərləri qərar verir, biz isə sadəcə olaraq, onların əmrini yerinə yetiririk. Biz Hörmüz boğazının təhlükəsizliyinin qorunmasını istəyirik və bu boğazın təhlükəsizliyi ölkəmiz tərəfindən təmin edilir. Bizim gəmilərimiz digər ölkələrin gəmiləri kimi sərbəst şəkildə hərəkət edir, bu boğazdan keçirlər. Lakin əgər kimsə bu boğazın təhlükəsizliyini pozmağa çalışsa, sözsüz ki, biz onun qarşısını alacağıq.
Bir daha bildiririk ki, əgər bizim neft bu boğazdan keçib ixrac olunmasa, sözsüz ki, digər ölkələrin də nefti bu boğazdan keçməyəcək. Bu, Hörmüz boğazını bağlamaq anlamında deyil. Bizim buna niyyətimiz də yoxdur. Lakin əgər düşmənlərin bizə qarşı fəaliyyəti həddini aşarsa, bunu etməkdən başqa çarəmiz qalmayacaq. Düşmənlər də bizim buna qadir olduğumuzu yaxşı bilirlər".
Qeyd edək ki, SEPAH-ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri bir neçə gün öncə "Əl-Aləm" telekanalına müsahibəsində ABŞ-ı Fars körfəzindəki Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib.
Onun bu təhdidi Mayk Pompeonun ABŞ-ın İranın neft satışına qarşı sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin mayın 2-də başa çatacağını elan etməsindən və Vaşinqtonun bu il İranın neft ixracatını sıfıra endirmək niyyətində olduğunu bildirməsindən bir neçə saat sonraya təsadüf edib.
"Hörmüz boğazı beynəlxalq qanunlara əsasən bir dəniz keçid yoludur. Aydın məsələdir ki, əgər İran gəmilərinin həmin boğazdan istifadəsinin qarşısı alınsa, biz bu boğazı bağlayacağıq", – deyə Əlirza Təngsiri vurğulayıb.