30 Aprel 2019 12:10
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya dövlət başçısı Vladimir Putinin onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Saakaşvili onun Ukraynadan çıxarılmasını Ukrayna Prezidenti Petro Poroşenkodan istəyən şəxsin Putin olduğunu iddia edib.

Sabiq prezidentin iddiasına görə, Vladimir Putin təkcə Ukraynadan yox, Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycandan da onun bu ölkələrə buraxılmamasını istəyib:

“Mənim məlumatıma görə, Putin 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələni müzakirə edib”.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın seçilmiş Prezidenti Vladimir Zelenskiyə insan haqlarının qorunması işinə Mixail Saakaşvilinin nümunəsində gürcülərdən başlamağı məsləhət görüb.

Putin Saakaşvilinin “qanunsuz olaraq vətəndaşlıqdan məhrum edildiyini, qanunsuz olaraq ölkədən xaric edildiyini” xatırladıb. Deyib ki, bu günkü Ukrayna rejiminin təqiblərindən yaxa qurtarmaq üçün qürbət diyarlara üz tutmaq məcburiyyətində qalan bir çox Ukrayna vətəndaşı kimi Saakaşvilinin də ölkəyə qayıtmasına şərait yaradılmalı, onun pozulmuş hüquqları bərpa olunmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər