30 Aprel 2019 13:14
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ABŞ Prezidenti Trampa türkcədən tərcüməçilik edən və “Sirr qadın” kimi tanınan əslən azərbaycanlı Olcay Kartarı Raçed ötən gün jurnalist Emin Musəvinin paylaşımından sonra bir daha diqqət mərkəzindədir.

Kult.az xəbər verir ki, Olcay Kartarı 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. O, vaxtilə Türkiyədə Təhsil İdarəsinin müdiri olmuş Həsən Kartarının qızıdır. Olcay xanım Kartarı ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. 2-ci qardaşı professor Əsgər Kartarı Hacəttəpə Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub.

Olcay Kartarı vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb. Türkiyədə Hacəttəpə Universitetini bitirdikdən sonra 80-ci illərdə ABŞ-a köçüb. Bir müddət orada “Amerikanın səsi” radiosunda, daha sonra ABŞ Dövlət Departamentində işləyib.

O, Türkiyə ilə ABŞ arasında münasibətlərdə ata Buş, Klinton, oğul Buş, Obama dövrlərində tərcüməçi vəzifəsini yerinə yetirib. Hazırda da iki ölkə lideri arasında tərcüməçilik edən Olcay Kartarı tibb sahəsində çalışan Şem Raçed ilə evlənib. Cütlüyün iki oğlu və bir qızı var: böyük oğlu Kərim beynəlxalq münasibətlər üzrə, digər oğlu Əmrə Nyu York Universitetində çalışır, qızı İnci isə ingilis dili üzrə təhsil alıb. O, Türkiyəyə gələrək, Hacəttəpə Universitetində Caz fakültəsini yaradıb və daha sonra ABŞ-a qayıdıb.

Olcay Kartarı istər ABŞ-ın keçmiş Prezidenti Barak Obama, istərsə də hazırkı Prezident Donald Trampın dövründə Türkiyə və ABŞ arasındakı münasibətlərdə mühüm rol oynayıb. 2016-cı ildə Prezident Barak Obama ilə Türkiyə lideri Ərdoğanın görüşündə tərcüməçilik etməsindən sonra tanınan Olcay Kartarı Türkiyə-ABŞ arasında keçirilən müzakirələrin pərdəarxasını bilən yeganə insan olduğuna görə “Sirr qadın” kimi tanınır. O, təxminən 30 ildir tərcüməçiliklə məşğuldur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər