1 May 2019 09:01
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunların hər biri bütün dövrlərin “şah əsəri” hesab olunur. Qeyri-adi təsvirlər və rəngarənglikləri ilə yanaşı verdiyi mesajlar və hekayələri ilə də özlərində bir çox sirri gizlədir.

Teleqraf.com dünyaca məşhur rəssamların əsərləri haqda məlumatları oxucuları ilə bölüşür.

“Mona Liza” – Leonardo da Vinçi

1503-1506-cı illərdə çəkilən “Mona Liza”nın sirli gülümsəməsi əsrlərdir sənətsevərlərin və araşdırmaçıların diqqətini cəlb edən bir əsərdir. “Mona Liza”nı Luvr Muzeyində canlı olaraq görən insanlar internetdə gördükləri rəsmlə bu əsər arasında böyük bir fərqin olduğunu iddia edir. Tablonu sirr donuna bürüyən əsas detallardan biri isə rəsmdə təsvir edilən qadının, yəni Mona Lizanın dövrün məşhur ipək taciri Fransesko del Cokondanın həyat yoldaşı olması ilə bağlıdır.

“Ulduzlu gecə” – Vinsent Van Qoq

Holland rəssam Van Qoqun fırçasından çıxmış bu əsər də dünyanın ən məşhur tabloları arasındadır. Qeyri-adi parlaqlığı və canlı rəngarəngliyi özündə əks etdirən rəsm impasto texnikası ilə 1889-cu ildə çəkilib. Bu dövrdə Van Qoq Fransada ruhi əsəb dispanserində qalırdı. Bu gün də sənət dünyasına öz təsirini göstərən Van Qoqun rəngləri, rəsmdə fiqurlara verdiyi hərəkət hələ də anlaşılmır. 1890-cı ildə 37 yaşında intihar edərək həyatına son qoyan rəssamın “Ulduzlu gecə” əsəri Nyu-Yorkda Modern Sənət Muzeyində (MoMA) sərgilənir.

“Qışqırtı” – Edvard Munk

Əsər norveçli surrealist rəssam Edvard Munk tərəfindən 1893-1910-cu illərdə çəkilib. XIX əsr simvolizminin psixoloji mövzularından ilham alan bu əsər rəngləri və qeyri-adi enerjisinə, habelə populyarlığına görə “günümüzün Mona Lizası” adlandırılır. “Qışqırtı” haqda ən maraqlı nəzəriyyələrdən biri rəsmdə təsvir edilən körpüyə yaxın məsafədə bir qəssabxana olduğu və burada kəsilən heyvanların qışqırtılarının rəsmdə əks olunması ilə bağlıdır.

“Mirvari sırğalı qız” – Yohannes Vermeer

Rembrandtın müasiri olmasına baxmayaraq, ondan daha az tanınan Yohanes Vermeer bu əsəri 1665-ci ildə tamamlayıb. Avropalı bir qızın müsəlmanlara xas baş örtüyü geyinməsi və qulaqlarındakı mirvari sırğayla cəlbedici bir imic yaradan bu rəsm Vermeerin ölümündən 200 il sonra (1860-cı il) alman muzey direktoru Qustan Vaqen tərəfindən üzə çıxarılıb.

“Gernika” - Pablo Pikasso

İspaniya vətəndaş müharibəsində baş verən faciədən bəhs edən rəsmin hekayəsi belədir: Gernika İspaniyanın Bask bölgəsində yerləşən və 1937-ci ildə inqilabçı respublikaçıların qalalarından biri sayılan qəsəbədir. 1937-ci il aprelin 26-da nasistlərə məxsus qırıcılar Gernikaya 2 saat bomba yağdırdı. Bu hücum Adolf Hitler tərəfindən təşkil edilmişdi. Pablo Pikasso bu dramatik olaydan bəhs edən, at və buğa kimi İspaniyada məşhur olan fiqurları özündə əks etdirən bu rəsmi çəkdi.

“Veneranın doğulması” - Sandro Bottiçelli

Məhəbbət, arzu və seks tanrıçası Veneranı təsvir edən əsər italyan rəssam Sandro Bottiçelli tərəfindən 1480-ci illərdə çəkilib. İntibah dövrü sənətinin ən önəmli rəsmlərindən biri kimi qəbul edilən “Veneranın doğulması” o dövrün əsilzadə italyan ailələrindən biri olan Mediçilər üçün çəkilib. Venera əsərdə balıqqulağının içindən doğularkən təsvir edilib və ilahi sevgini əks etdirdiyi iddia olunur.

“Baxıcılar” - Dieqo Velaskes

“Qızıl dövrün” önəmli sənətkarlarından olan Dieqo Velaskes tərəfindən 1656-cı ildə çəkilib. Madriddəki kraliyət ailəsinin olduğu bir otağın təsvir edildiyi rəsmin sol tərəfindən Velaskesin özünü görmək mümkündür. İddiya görə, bu həqiqətlər və yalanları özündə əks etdirən, bu haqda cavabsız suallar yarada bilən əsərdir.

“Gecə qorovulçusu” - Rembrandt

Holland rəssam Rembrandtın 1642-ci ildə çəkdiyi rəsmdə kapitan Frans Benninq Kok və leytenant Villem van Reytenburx dostları ilə birlikdə müdafiə mövqeyində təsvir olunub. Rəsmin mənası barədə bir çox iddia var, amma hansı olayı əks etdirdiyi tam olaraq məlum deyil. Ehtimallardan birinə görə, rəsm İspaniya ətrafında gedən bir müharibəni təsvir edir. Holland protestanlar və katoliklərin birləşməsindən sonra İspaniyada müharibə və üsyanın qaldırılmasına işarə edildiyi də, ehtimallar arasındadır.

“Uistlerin anası” – Ceyms Ebbott Mak-Neyl Uistler

1871-ci ildə amerikalı rəssam Uistler tərəfindən çəkilib. Əsərdə rəssamın anası Anna Mak-Neyl Uistler təsvir edilir. “Viktoriya dövrü Mona Lizası” kimi qəbul edilən rəsm haqda bir çox ilginc iddia olsa da, bunlardan heç biri sübut olunmayıb. Bunlardan biri rəsmi çəkərkən rəssamın anasını xüsusi bir şəkildə oturtması ilə bağlıdır. Əsər hərbi məktublarda marka kimi istifadə edilib. Yəni, kişilər hərbi xidmətə aparılarkən “Ananız üçün döyüşün” kimi təbliğatda istifadə edilib.

“İsanın ölümü”– Andrea Mantenya

Əsər 1480-ci ildə İtalyanın intibah rəssamlarından biri olan Mantenya tərəfindən çəkilib. İsa peyğəmbərin mərmər lövhə üzərində cansız formada yatmasını və bakirə Məryəmlə həvari Conun yas saxlamasını təsbir edən əsər Milan şəhərindəki Pinecoteca di Brera Muzeyində sərgilənir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər