2 May 2019 13:25
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ASALA (Armenian Secret Army for the Liberation of Armenia – Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatının “mənəvi atası” sayılan Qurgen Yanikyanın nəşinin qalıqları böyük təmtəraqla ABŞ-dan Ermənistana gətirilib. Nəşin qalıqlarının mayın 5-də İrəvanda təntənəli şəkildə quyulanacağı gözlənilir.

Teleqraf.com qan yaddaşımızı təzələmək üçün terrorçu ilə bağlı bəzi məlumatları araşdırıb.

Qurgen Yanikyan 24 dekabr 1895-ci ildə Osmanlı imperiyasının Ərzurum vilayətində dünyaya gəlib. Moskva Dövlət Universitetində mühəndislik üzrə təhsil alıb. Birinci dünya müharibəsindən sonra ABŞ-a emiqrasiya edib, burada mühəndis kimi fəaliyyət göstərib. Mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla məşğul olub. ABŞ-da bir neçə roman nəşr etdirib. Bunlardan “İskariotlu İudanın qələbəsi”, “İsanın mövludu”, “Amerikalının səsi” romanlarının adlarını çəkmək olar.

27 yanvar 1973-cü ildə 78 yaşlı Qurgen Yanikyan Santa-Barbara şəhərində yerləşən “Baltimor” hotelində Türkiyənin Los-Ancelesdəki Baş konsulu, 49 yaşlı Məhməd Baydur və 31 yaşlı vitse-konsul Bahadur Dəmirə onda olan sənət əsərini – sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsilə görüş təyin edir. Diplomatlar hotelə gəlir. Masa arxasında oturan zaman Q.Yanikyan qəflətən “Lyuqer” markalı tapançanı çıxararaq, onlara yaxın məsəfədən atəş açır. Hər iki diplomat qətlə yetirilir.

Məhkəmə zamanı Yanikyan öz cinayəti barədə bunları demişdi:

“Mən iki insanı yox, iki pisliyi, iki şər qüvvəni öldürmüşəm. Onlar mənim üçün insan deyildilər”. Cinayətin motivi isə “erməni soyqırımı”na görə qisas almaq olub.

ABŞ vətəndaşı olan Yanikyan həmin il məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq həbsdən azad olunur. Türkiyə Respublikası Q.Yanikyan azad edildikdən sonra ABŞ-a kəskin məzmunlu etiraz notası verir.

Terrorçu azadlığa buraxılandan bir aydan sonra – fevralın 29-da Kaliforniyada ürək tutmasından vəfat edir.


Müəllif: Səxavət