“ATƏT-nin Minsk qrupunun həmsədrlərindən olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll prosesindəki məsuliyyətinə ciddi yanaşır və tərəflərin məsələni dinc yolla həll səylərini dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.
Amerikalı diplomat Azərbaycan və Ermənistan rəhbərləri, o cümlədən xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsindən məmnun olduqlarını bildirib:
“Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün anlaşdılar. Habelə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə qənaətbəxş sayılan anlaşma əldə edildi”.
Corc Kent Azərbaycan və Ermənistan arasında növbəti görüşün Vaşinqtonda keçiriləcəyi ehtimalından da danışıb:
“Sonrakı görüşə gəlincə, bu haqda qərar hələlik dəqiq deyil. Amma ABŞ-ın öz məsuliyyətinə ciddi yanaşdığına əmin ola bilərsiniz. Münaqişəni dinc yolla həll edəcək bir prosesi dəstəkləyirik”.