5 Sentyabr 2014 14:26
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində artıq 714 nəfər məzun olub. Bu məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini növbəti illərdə də davam etdirirlər. Ümid edirik ki, tələbələr xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər”

Teleqraf.com-un məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumunda çıxışı zamanı bu fikirləri bildirib.

Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.

Dövlət Proqramının artıq 18 ildir həyata keçirildiyini bildirən nazir bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazandığını vurğulayıb.
Mikayıl Cabbarov proqramı çərçivəsində bu tədris ilində xaricdə oxuyacaq tələbələrin sayını da açıqlayıb. Bildirib ki, 500-ə yaxın gənc xaricdə təhsil almaq məqsədilə seçilib, lakin seçim prosesi tam yekunlaşmadığı üçün bu rəqəm bir az da arta bilər: “Xaricdə təhsil üzrə seçim əvvəlki illərlə müqayisədə daha böyük rəqabət mühitində keçib. Aparılan təhlillər, həmçinin tələblərin təkliflərini nəzərə alaraq dövlət proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. İslahatları bundan sonra da davam edəcək. Bu istiqamətdə gənclərin fikirləri, təklifləri bizim üçün önəmlidir”.

Nazir xüsusilə bildirib ki, xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Onun sözlərinə görə, məzunların işlər təmin olunması istiqamətində də artıq müəyyən imkanlar yaradılıb: “Hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqamətində işlər görülür. Proqram çərçivəsində məzun olanların dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmaq hüququ da var”.

SEVİL


Müəllif: