Rusiyanın Belarusdakı səfiri Mixail Babiçin əvəzlənməsi əlaqələrin ümumi vektorunu dəyişməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu “Exo Moskva”ya açıqlamasında rus iqtisadçısı Vladislav İnozemtsev deyib.
Minsklə Moskva arasında yaşanan “neft müharibəsi”ni şərh edən iqtisadçı bildirib ki, hazırda Belarus Rusiya nefti olmadan yaşamağa məcburdur:
“Söhbət neftdən deyil, münasibətlərin ümumi vəziyyətindən gedir. Hesab edirəm ki, səfir Babiçin tələsik istefası və başqa bir şəxslə əvəz olunması bu istiqamətdə siyasətin ümumi vektorunu dəyişməyəcək. Rusiya öz imicinin korlanması və maliyyə itkisinə məruz qalmasının qayğısını çəkməlidir”.
Qeyd edək ki, Belarus Rusiya neftinin çirkli olması səbəbindən onun ölkəyə idxalına qadağa qoyub. Bu addım Rusiyanın iqtisadi ziyana düşməsinə səbəb olub.
Rusiya nefti Belarus ərazisindəki neftayırma zavodlarında emal edildikdən sonra Qərbi Avropaya göndərilirdi.
Bu ara Belarus Prezidenti Aleksandr Lukaşenkonun təzyiqi nəticəsində Rusiyanın bu ölkədəki səfiri Mixail Babiç geri çağrılıb. Onun yerinə Rusiya Federasiya Şurasının üzvü Dmitri Mezentsev təyin edilib.