İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin həbsə məhkum edilib.
Teleqraf.com xəbər verir ki, iqtisadi fırıldaqçılıqda, korrupsiyada və banklardan aldığı külli miqdarda borcu qaytarmamaqda günahlandırılan H.Firudin ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
İran saytlarının yaydığı xəbərə əsasən, ilkin məhkəmənin çıxardığı həbs qərarı qəti deyil və prezidentin qardaşı apelyasiya şikayəti verə bilər.
H.Firudinin adı bundan əvvəl dövlət banklarından iri məbləğdə kredit götürən şəxslərin siyahısında qeyd edilmişdi. Onun barəsində çıxarılan həbs müddəti açıqlanmayıb.
Qeyd edək ki, H.Firudinə qarşı irəli sürülmüş ittihamlar üzrə fevralın 19-da məhkəmənin ilk qapalı iclası keçirilmişdi. Həsən Ruhaninin qardaşı ilə birlikdə digər 4 dövlət məmuruna da qarşı maliyyə fırıldaqçılığı üzrə ittiham elan edilmişdi.
H.Firudin 2018-ci il iyulun 16-da maliyyə fırıldaqçılığı ilə bağlı İran məhkəməsinə çağrılmışdı. Polis tərəfindən ona ittiham edildiyi məsələ ilə bağlı məlumat veriləndən sonra şərti azadlığı üçün girov müəyyənləşdirilmişdi.
Lakin girovu təqdim edə bilmədiyindən həbs edilmişdi. Bir gün həbsdə qaldıqdan sonra İranın eks-səhiyyə naziri H.Firudinin azad edilməsi üçün 50 milyard tümənlik girov təqdim etmişdi. Bu isə İranda böyük səs-küyə səbəb olmuşdu.