ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Suriyanın şimalındakı təhlükəsizlik bölgəsinin Fərat çayının şərqində Türkiyə-Suriya sərhədi boyunca olacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ceyms Cefri bölgənin dərinliyi barədə hələlik ortaq qərara gəlmədiklərini söyləyib.
Türkiyə ilə bölgənin sərhədləri ilə bağlı razılaşma əldə olunmadığına dair yayılan iddialara ABŞ nümayəndəsi belə cavab verib: “Diplomatik detallara toxunmaq istəmirəm, amma bunu deyə bilərəm ki, bölgə Fəratın şərqində Türkiyə-Suriya sərhədi boyunca olacaq. Bizim və Türkiyənin bu məsələ ilə bağlı mövqeyimiz var. Hələ bölgədəki təhlükəsizliyi necə təmin edəcəyimizlə əlaqədar müzakirələr aparırıq”.
İrəliləyişin əldə olunduğunu vurğulayan Ceyms Cefri deyib ki, bundan daha çoxunu etmək istəyirlər: “Mümkün olan ən qısa zamanda vahid anlaşma əldə etmək istəyirik”.