Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fərqli ölkələrdən 4 ticarət gəmisinin öz sərhədləri yaxınlığında sabotaja məruz qaldığını bildirsə də detallı açıqlama verməyib.
Teleqraf.com xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falih onlara aid olan iki neft tankerinin BƏƏ-nin Füceyrə sularında sabotaja məruz qaldığını bəyan edib.
BƏƏ-nin Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək, bəyan edib ki, insident zamanı ölüm və gəmilərə zərər, habelə sızıntı olmadığı qeyd edilsə də, ətraflı məlumat verilməyib. Ancaq faktla bağlı araşdırmalar aparıldığı bildirilib.
Qeyd edək ki, Füceyrə limanı Hörmüz boğazından 70 mil uzaqlıqda yerləşir. İran isə dəfələrlə elan edib ki, lazım gəlsə, boğazı bağlayacaq.
Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falih də sabotaja məruz qalan 2 neft tankerində ölü və yaralı olmadığını, amma gəmilərə ciddi ziyan dəydiyini elan edib. Bildirilir ki, hücuma məruz qalan neft tankerləri Ras Tanura limanından yüklədikləri nefti ABŞ-dakı müştərilərinə çatdırmalı idilər.
Xatırladaq ki, dünən Livanda “Hizbullah”a yaxın “Əl Mayadeen” kanalı BƏƏ-nin Fujairah şəhərində partlayışlar olduğunu iddia edib. Hətta hadisə şahidlərinə istinadən bildirilirib ki, Füceyrə limanında partlayışlar olub, hadisədən dərhal sonra ABŞ və Fransız təyyarələri bölgədə uçuşlar həyata keçirib.