ABŞ Müdafiə Nazirliyi Avropa Birliyini müdafiə və silahlanma layihələrini Amerika başda olmaqla üçüncü ölkələri nəzərə almadan həyata keçirəcəyi təqdirdə ticarət və siyasi əlaqələrdə buna qarşılıq verəcəyi ilə təhdid edib.
Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Ellen Lordun Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogeriniyə göndərdiyi məktubda AB-nin müdafiə siyasətində atdığı birtərəfli addımları tənqid edib.
Məktubda AB-nin təkbaşına həyata keçirdiyi müdafiə layihələrinin son 30 ildir davam edən Transatlantik əlaqələrə və NATO-da hərbi əməkdaşlığı təhlükəyə saldığına işarə olunub.
Pentaqon rəsmisinin məktubunda AB-nin 13 milyard dollarlıq “Müdafiə Fondunun” qurulmasından, hərbi baxımdan vahid ordu yaradılması kimi tədbirlərdən ABŞ-ın dərin narahatlıq keçirdiyini qeyd edilib.
AB-nin hərbi imkanlarını gücləndirmək cəhdlərini sərt tənqid edən Ellen Lord hesab edir ki, mövcud müdafiə qaynaqlarının dağıdılması və birlikdə işləməyən hərbi sistemlər NATO ilə AB arasında lazımsız rəqabətə səbəb olacaq.
Mütəxəssislər hesab edirlər ki, Amerika hökuməti Avropa Birliyinin öz müdafiəsinə daha çox maliyyə ayırmasına doğru qərar kimi yanaşır, amma qurumun müstəqil strategiya izləməsinə mənfi reaksiya göstərir.