Ermənistanın eks-prezidenti Robert Köçəryanın gözlənilmədən həbsdən azad edilməsi nə deməkdir və bu olay hadisələrin sonrakı inkişafına necə təsir edəcək?
Teleqraf.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin növbəti analitik materialı bu suallar üzərində qurulub.
Analizdə deyilir ki, birincisi, bu Qarabağ klanının gücünü göstərir:
“Ermənistanda bir hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Köçəryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Köçəryan və onun arxasındakı güclərin hazırkı baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verdi. Bu cür düşünən təkcə Köçəryanı həbsdən azad edən hakim deyil.
İkincisi, Köçəryanın həbsdən azad edilməsi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü ortaya qoydu. Köçəryanın həbsi onun dostu – Rusiya Prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, “mənim dostumu azad et”. Paşinyan hər dəfə bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsi idi.
Üçüncüsü, Köçəryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan Qarabağ klanının əsas fiqurudur. O ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona qarşı daha bir gücü formalaşdırmaq lazımdır. Köçəryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşmiş qüvvələrin birliyini təmin etməlidir. Moskvanın və Xankəndinin dəstəyinə arxalanaraq Köçəryanın Ermənistan daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar.
Dördüncüsü, Paşinyan-Köçəryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq. Bir qism Paşinyana, digəri Köçəryana dəstək verəcək. Paşinyan belə vəziyyətdə erməni lobbisinin tanınmış simaları ilə əlaqələrini gücləndirməyə çalışacaq. Ancaq Qarabağ klanı da boş dayanmayacaq, erməni lobbisi ilə təmaslarını artıracaq.
Beşincisi, Moskvanın Köçəryana verdiyi və verəcəyi dəstək Paşinyanı Qərbdən dəstək axtarışına sövq edə bilər. Ancaq bu, Paşinyan üçün təhlükəlidir. Çünki özü istəməsə də ölkəsi Rusiyanın ən azı enerji və hərbi nəzarəti altındadır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər. Kreml Paşinyanın Qərblə təmaslarını diqqətlə izləyib və izləyəcək”.
Qeyd olunur ki, beləliklə, N.Paşinyan ətrafındakı halqa daralır:
“Köçəryanın həbsdən azad edilməsi bu bir ildə Paşinyana ən böyük zərbə və ilk böyük məğlubiyyət idi. Paşinyan bundan yeganə çıxış yolu kimi insanları məhkəmə qarşısında etiraza səsləyib. Qəribə situasiyadır. Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu anlaşılan idi, çünki o hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırması Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər. Buna baxmayaraq, Paşinyan bu üsuldan istifadə etmək məcburiyyətində qalıb. Ancaq Qarabağ klanı da tərəfdarlarını hərəkətə gətirə bilər”.
Analizdə, həmçinin bildirilir ki, Ermənistandakı son hadisələr Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır:
“O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq”.