Səudiyyə Ərəbistanı Yəmənin Əl-Hüdeydə limanı yaxınlığında İrana məxsus “Saviz” gəmisinin yaralı ekipaj üzvlərini xilas etdiyi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Ərəb Koalisiyasının məlumatına görə, iyunun 4-də İran gəmisi ekipaj üzvlərinin ağır yaralandığı üçün onlardan kömək istəyib. Koalisiya qüvvələri bu kömək çağırışına müsbət cavab verib və yaralıları xilas edərək, onları helikopterlə hərbi xəstəxanaya yerləşdirib.
Səudiyyə Ərəbistanına məxsus xəbər agentlikləri bildirirlər ki, İranın BMT yanında daimi nümayəndəsi də məsələ ilə bağlı səudiyyəli həmkarına müraciət edib və kömək işləri dərhal başladılıb.
Helikopterdən öncə “Saviz” yaxınlığında olan koalisiyaya məxsus gəmilərdən biri ekipaj üzvlərinə ilkin tibbi yardım göstərib. Daha sonra yaralılar helikopterlə hərbi hospitala aparılıblar. Onların hansı şəraitdə yaralandığı barədə məlumat verilmir.
Qeyd edilir ki, təqribən bir ildir Bab-ül-Məndəb boğazında lövbər salmış İrana məxsus “Saviz” gəmisinin fəaliyyəti barədə uzun müddətdir şübhəli məqamlar mövcuddur. Baxmayaraq ki, “Saviz” Qırmızı dənizdə ticarət gəmisi adı altında fəaliyyət göstərir, lakin o, əslində hərbi təyinatlıdır. Bu gəmi faktiki olaraq regionda kəşfiyyat məlumatları əldə edərək onları terror hücumları həyata keçirmək üçün husilərə verir.
Müxtəlif kəşfiyyat orqanlarının ticarət fəaliyyəti adı altında bölgədə möhkəmlənən gəmidən çəkdiyi şəkillərdən açıq-aydın görünür ki, onun üzərində sürətli qayıqlar, 23 millimetrlik hava hücumu əleyhinə toplar və hərbi radarlar quraşdırılıb. Ticarət gəmiləri isə heç vaxt belə hərbi ləvazimatlarla təchiz edilmir.