Ölkə bazarlarında donuz əti 6 5%, mal əti isə 13 % azalıb
Rusiyada ət 40 faiz bahalaşıb Rusiyada Qərbin tətbiq etdiyi sanksiyaların təsiri getdikcə daha aydın hiss olunur. Rusiya mediası bildirir ki, artıq son iki həftədə ölkədə ət və ət məhsullarının qiyməti 20-40 faiz bahalaşıb. Xüsusən mal ətindən hazırlanan konservlərdə 40 %-lik qiymət artımı qeydə alınıb. Rusları ən çox narahat edən isə toyuq ətinin az da olsa bahalaşmasıdır.
Qeyd olunur ki, Rusiyada toyuq əti istehsalı əsasən daxili imkanlar hesabına həyata keçirilib. Ona görə də toyuq ətinin bahalaşması başa düşülən deyil. Yaxın gələcəkdə isə sanksiyalardan dolayı ölkəyə daxil olmayacaq 200 min tonluq toyuq ətinə ehtiyacın yerli fermerlər tərəfindən aradan qaldırılacağı gözlənilir.
Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində hazırda ölkə bazarlarında donuz əti 6 5%, mal əti isə 13 % azalıb. Bu isə bazarda tələblə təklif arasındakı balansın ciddi şəkildə pozulmasına səbəb olub. Buna görə də ruslar qiyməti cüzi qalxmış toyuq ətinə üstünlük verirlər.
Ancaq bahalaşma müəyyən həddə qədər davam edə bilər. Çünki ölkədə bahalaşma qeydə alınsa da, əhalinin gəlirində heç bir yüksəliş müşahidə olunmayıb.
Bu arada isə Argentinada istehsal olunan ətin xaricdə satışı ilə məşğul olan şirkətlərə Rusiyada xüsusi maraq yaranıb. Həmin şirkətlər son vaxtlar Argentinadan Rusiyaya ət idxalı ilə bağlı onlarla müqavilələr əldə ediblər.
Argentina hökumətinin təmsilçisi, nazir Karlos Kasamikela deyib ki, təmsil etdiyi ölkə Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı mallarının həcmini artırmağa və 2 milyard dollarlıq həddə çatdırmaq əzmindədir.
/Musavat.com/