Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaponiyada keçiriləcək G20 zirvə görüşündə amerikalı həmkarı Donald Trampla müzakirə edəcəyi mövzular bəlli olub.
Teleqraf.com xəbər verir ki, tərəflərin müzakirə masasında Rusiyanın təhvil verəcəyi S-400 zenit-raket kompleksi, F-35 proqramı, eləcə də Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsiz bölgə məsələləri olacaq.
Bir müddətdir Ankara-Vaşinqton arasında gərginliyə səbəb olan S-400 kompleksləri ilə bağlı iki ölkə öz mövqeyini qoruyur. ABŞ Rusiyadan S-400 komplekslərinin alınacağı təqdirdə “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” – CAATSA-nın dövriyyəyə girəcəyini və əlavə olaraq Türkiyənin ortağı olduğu F-35 proqramından çıxarıla biləcəyini bəyan edib. Ankara isə S-400-ün “bitmiş bir anlaşma” olduğunu açıqlayaraq, geri addım atmayacaqlarını bildirib.
S-400 mövzusunda iki ölkənin ortaq nöqtəyə gəlməsi üçün G20 zirvəsində Ərdoğan-Tramp görüşünün əhəmiyyətinə diqqət çəkilir. Trampın Türkiyəyə nəzərdə tutulan səfərinin reallaşıb-reallaşmayacağı da bu görüşdən sonra bəlli olacaq.