11 İyun 2019 15:59
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev formal olaraq hakimiyyətdən gedib, hələ də ölkənin Milli Təhlükəsizlik Şurasının sədridir”.

Bunu Teleqraf.com-a açıqlamasında REAL Partiyasının məclis başqanı, politoloq Azər Qasımlı deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstanın iqtisadi-siyasi rıçaqları Nursultan Nazarbayevin əlindədir:

“Yeni prezident Tokayev də ona yaxın olan və sadiq bir şəxsdir. Digər yandan, Tokayevin özünün şəxsi komandası da yoxdur ki, Nazarbayevin təsiri altından çıxa bilsin. Bu baş versə, Qazaxıstanın ictimai-siyasi həyatında demokratik dəyişikliklər ola bilər, amma bu, mümkünsüz görünür. Qazaxıstan uzun müddət qeyri-demokratik ölkə kimi qalacaq.

İqtisadiyyatın bəlli sahələri üçün müəyyən azad fəaliyyət imkanları yaradılacaq. Amma əsas gəlir gətirən sektorlar, məsələn, neft sektoru bir elitanın əlində qalacaq. Yəni, yaxın 5-10 il ərzində Qazaxıstanda ciddi dəyişikliyin olacağını düşünmürəm”.

Azər Qasımlı qeyd edib ki, Qazaxıstan və Orta Asiya regionunda yerləşən dövlətlərin spesifik inkişaf dinamikaları var:

“Əlbəttə, Qazaxıstan və bu ölkələrin daxili və xarici siyasətinə təsir edən əsas faktor Rusiya, daha doğrusu, Putindir. Nə qədər ki, Rusiya regiondadır və Putin bu dövlətin başçısıdır, bu və digər ölkələrin demokratik inkişaf məcrasına yönələcəyi mümkünsüz olacaq”.

Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda keçirilmiş prezident seçkisində keçmiş spiker Kasım Comart Tokayev qalib gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər