İyunun 15-də Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilib.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Zirvə toplantısında iştirak edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Prezident Emoməli Rəhmon Zirvə toplantısını açaraq nümayəndə heyətlərinin rəhbərlərini salamladı. Dövlət başçısı terrorizm, ekstremizm kimi bəlaların regionda təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu təhdidlər region ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Prezident regionda ümumi maraqların təmini naminə nəqliyyat infrastrukturu layihələrinin genişləndirilməsinin önəmini bildirdi.
Bundan əvvəl quruma sədrlik edən Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edərək Asiya regionunda sülhün və təhlükəsizliyin təmin edilməsinin ümumi məqsəd olduğunu bildirdi. O, bütün sahələrdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Regionda mövcud olan tolerantlığın qorunmasının vacibliyini vurğulayan Si Cinpin Asiyada əməkdaşlığın inkişafına maneə törədən təhdidlərdən bəhs etdi.
Zirvə toplantısında çıxış edən Baş Nazir Novruz Məmmədov tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident Emoməli Rəhmona təşəkkürünü bildirdi, Tacikistan Respublikasının quruma sədrliyinin Asiya regionunda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Baş Nazir Novruz Məmmədov qeyd etdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiya qitəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və əməkdaşlıq platformasıdır. “Şübhəsizdir ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Dünyanın bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır”, - deyə Novruz Məmmədov bildirdi.
Ermənistanın 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Baş Nazir bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunduğunu vurğuladı. Bildirdi ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.
Novruz Məmmədov dedi ki, Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolu ilə irəliləyən müasir dövlətdir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələrin geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını vurğulayan Baş Nazir dedi: “Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir”.
Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladan Baş Nazir bildirdi ki, ölkəmiz Qoşulmama Hərəkatının yaratdığı çoxtərəfli platformadan istifadə edərək beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələr arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.
Digər dövlət və hökumət başçıları da çıxışlarında Asiya regionunda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, mehriban qonşuluq, daxili işlərə qarışmamaq prinsipləri əsasında əməkdaşlığın qurulmasının önəmini qeyd etdilər, mövcud münaqişələrin regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğuladılar. Regionun sabitliyinin təmini üçün, ilk növbədə, bu münaqişələrin nizamlanmasının vacibliyi bildirildi.
Həmçinin çıxışlarda narkotik qaçaqmalçılığının, nüvə silahının yayılmasının qarşısının alınmasının, terror qruplaşmalarına qarşı mübarizənin zəruriliyi diqqətə çatdırıldı, böyük İpək Yolunun bərpasına dəstək ifadə olundu.
***
11:04
İyunun 15-də Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı işə başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Zirvə toplantısında iştirak edir.