15 İyun 2019 14:53
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Rusiyadan “S-400”ləri alacaq, bu məsələnin müzakirəsi bağlanılıb. Buna görə də, Türkiyə NATO başda olmaqla, bütün beynəlxalq təşkilatlarla münasibətlərinə yenidən baxmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.

MHP lideri müttəfiqlərin Türkiyəyə zərər verməyə çalışdığını bildirib:

“NATO başda olmaqla, bütün beynəlxalq təşkilatlarla münasibətlər yenidən nəzərdən keçirilməlidir. Bu iş dərhal yerinə yetirilməlidir.

ABŞ-la “S-400” anlaşılmazlığı dərinləşir, müttəfiqlik əlaqələri qırılma nöqtəsinə gəlib çatıb. Amma bunu hər kəs bilməlidir, Türkiyə müstəqil dövlətdir, bu barədə kiminsə şübhəsi varsa, o ya cahildir, ya da agentdir. Kimdən hansı silahı alacağımıza yalnız biz qərar verə bilərik”.

Dövlət Bağçalı ABŞ-ın Türkiyənin sinirləri ilə oynadığını deyib:

“Səbrimizlə oynamağın nəticəsi ağır olacaq. Türkiyə “S-400”ləri alacaq və öz ərazisində yerləşdirəcək, bu mövzunun müzakirəsi başa çatıb”.


Müəllif: Mənsur Rəğbətoğlu