16 İyun 2019 14:13
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu 15 min dollar məbləğində cərimələnib.

Teleqraf.com xəbər verir ki, Sara Netanyahunun sifariş etdiyi bahalı yeməklərə görə xərclənmiş 55 min şekeli dövlət büdcəsinə qaytarmaq barədə baş prokurorluqla əldə olunan razılaşma məhkəmə tərəfindən təsdiq edilib.

İttiham sənədində qeyd edilir ki, xanım Netanyahu baş nazirin iqamətgahında xüsusi aşpazın olmasına baxmayaraq 2010 və 2013-cü illər arasında restoranlardan 175 min şekellik (43 min avro) yemək sifariş edib. Bu sifarişlərin pulu dövlət büdcəsindən ödənib.

Prokurorlar bu nəticəyə gəliblər ki, xanım Netanyahu yeməkləri baş nazir administrasiyası əməkdaşlarından xəbərsiz sifariş edirmiş.

Sara Netanyahunun özü günahsız olduğunu və yeməklərin hansısa üçüncü şəxslər tərəfindən sifariş edildiyini bildirirdi.

“The Guardian” yazır ki, ittiham tərəfi ilə razılaşmaya görə dövlət büdcəsinə ödənməli olan məbləğ 50 min dollar azaldılıb. Prokurorluq bu güzəştə görə tənqidlərə cavab olaraq bildirib ki, məhkəmə razılaşması zamanı Netanyahunun cinayət əməlini könüllü boynuna alması nəzərə alınıb.


Müəllif: Teleqraf.com