“Nyu York Tayms” qəzetinin redaksiyası Rusiyanın energetika sisteminə kiberhücümlarda Vaşinqtonun iştirakına dair materialın yayımlanmasından sonra Prezident Donald Tramp tərəfindən qəzetin dövlətə xəyanətdə suçlanmasına dair ittihamları rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə nəşrin “Tvitter” hesabında bildirilib.
“Mətbuatı dövlətə xəyanətdə ittiham etmək təhlükəlidir. Biz məqalə nəşr olunmazdan əvvəl bu barədə hökumət nümayəndələrinə məlumat vermişdik. Məqalədə qeyd edildiyi kimi, Trampın milli təhlükəsizlik məsələləri ilə məşğul olan köməkçiləri məqalənin hər hansı narahatlıq törətmədiyini bildirmişdilər” – deyə qəzetin nümayəndəsi bildirib.
Qeyd edək ki, şəbə günü “Nyu York Tayms”da dərc olunan məqalədə Vaşinqtonun son illər ərzində Rusiyanın energetika sisteminə zərərli proqramlar yönəltməyə cəhd etdiyini yazılıb. Yazıda mənbələrə istinad edilib. Məlumata görə, bu zərərli proqramlar vasitəsilə ABŞ Rusiyanın enerji sistemi haqqında məlumat toplaya və ehtimal ki, onun hansısa elementlərini sırada çıxara bilər.
D.Tramp məqalənin dərc edildiyi gün “Tvitter”də qəzetin iddialarını rədd edib. O, “Nyu York Tayms”ın “faktiki olaraq dövlətə xəyanət etdiyini” və ABŞ-ın maraqlarına zərbə vurduğunu bildirib.