İsveçrənin Bern şəhərində Azərbaycan qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib.
2019-cu il iyunun 15-i qeyd olunan İsveçrə Milli Qaçqınlar Günündə İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası keçirilib.
Bu ictimai məlumatlandırma kampaniyası Milli Qaçqınlar Günündə İsveçrə cəmiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranan Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yönəltmək üçün Azərbaycanın İsveçrədəki Səfirliyinin diaspora ilə birgə planlaşdırdığı silsilə tədbirlərdən biridir.
Bern şəhərinin mərkəzi “Weizenhausplatz” meydanında baş tutan kampaniya çərçivəsində Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş məlumat stendi quraşdırılıb və “İsveçrəli uşaqların Azərbaycanlı qaçqın uşaqlar üçün rəsm çəkməsi” kampaniyası keçirilib.
Vurğulanmalıdır ki, “İsveçrə Qaçqınlar Şurası” kampaniya çərçivəsində paylanan məlumat vərəqələrində öz loqosundan istifadə edilməsinə icazə verib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan Azərbaycan qaçqınları barədə həqiqətlər ictimaiyyətə “İsveçrə Qaçqınlar Şurası”nın loqosu ilə çatdırılıb, bu isə bu məlumatlandırma kampaniyasının təsir gücünü artırıb. Qeyd edilməlidir ki, sözügedən tədbir barədə İsveçrə Qaçqınlar Şurasının rəsmi internet səhifəsində də məlumat yerləşdirilib.
Tədbir çərçivəsində yerli ictimaiyyətə Azərbaycan qaçqınları barədə broşürlər vasitəsilə məlumat verilib, Azərbaycan qaçqınlarına həsr olunan rəsm əsərləri sərgilənib, İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri, eləcə də digər İsveçrəli uşaqlar tərəfindən Azərbaycanın qaçqın və məcburi köçkünləri mövzusunda rəsmlər çəkilib.
Rəsm çəkməmişdən öncə uşaqlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan qaçqın və məcburi köçkünlərinin həyat hekayəsi ilə tanış olmağa dəvət edilib. Tədbir Bern şəhərinin sakinləri tərəfindən maraqla qarşılanıb, kampaniya vaxtı çəkilən rəsmlərin daha sonra azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara çatdırılması nəzərdə tutulur.
Bundan başqa, İsveçrəli uşaqlar və ailələrinə Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə həmrəylik rəmzi olaraq üzərində “Azərbaycan qaçqınları və məcburi köçkünləri” yazılarının həkk olunduğu şarlar paylanıb./Trend/