Suriya və Türkiyə ordularının müharibə apardığını görmək istəmirik.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Suriyanın xarici işlər naziri Muallim çıxış edib.
Nazir Pekində jurnalistlərə deyib ki, Suriya ordusunun Türkiyə ordusu ilə savaşmayacağına ümid edir: “Əsas sual Türkiyənin Suriyada nə etmək istədiyidir. Türkiyənin Suriyanın bəzi bölgələrində hərbi varlığı mövcuddur”.
Xatırladaq ki, bazar günü Türkiyə Müdafiə Nazirliyi xüsusi açıqlama ilə çıxış edib. Nazirlik qeyd edib ki, Suriya ordusunun nəzarətində olan İdlibin Tall Bazan bölgəsindən Türkiyənin 9 nömrəli gözətçi postunun yerləşdiyi Muraq bölgəsinə top və havadan hücum təşkil edilib. Hücuma dərhal cavab verilib.
Nazirlik əlavə edib ki, bu hücumdan sonra Rusiya ilə müəyyən məsləhətləşmələr aparılıb və durum yaxından izlənilir.
Qeyd edək ki. Suriyada 8 ildir müşahidə edilən vətəndaş müharibəsi dövründə ilk dəfə Suriya və Türkiyə ordusu bir-birinə qarşı silah işlədib.