Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin məhkəmə prosesində vəfat etməsi xəbəri dünyada şok yaratsa da, onun kimliyi, keçdiyi yol və həyatı haqqında informasiyalar məhduddur.
Teleqraf.com mərhum prezident Məhəmməd Mursinin həyat yolunu təqdim edir:
Məhəmməd Mursi 1951-ci ilin avqustun 8-də Misirin Şarkiyə bölgəsinin Eladva kəndində doğulub. Beş qardaşın ən böyüyü olan Mursi ilk təhsilini bu kənddə alıb. 1975-1978-ci illərdə Qahirə Universitetində mühəndislik fakültəsində oxuyub.
1982-ci ildə Cənubi Kaliforniya Universitetində mühəndislik dissertasiyasını müdafiə edib. 1982-1985-ci illərdə Northride Kaliforniya Universitetində assistent vəzifəsində çalışıb. Sonra Misirdə Zaqaziq Universitetində işləyib.
Siyasətə Müsəlman Qardaşları Hərəkatı daxilində qoşulub. 2000 və 2005-ci illərdə Misir parlamentinin deputatı olub.
Parlamentə müstəqil siyasətçi olaraq düşən Mursu 5 il müddətinə deputat olub.
2011-ci ildə Misir inqilabını müxalif lider olaraq dəstəkləyib. 2011-ci ilin aprelin 30-da Müsəlman Qardaşları Hərəkatının qurduğu Azadlıq və Ədalət Partiyasının sədri seçilib. 2012-ci ildə Misir prezident seçkiləri zamanı Müsəlman Qardaşlarının namizəd kimi irəli sürdüyü Hayrat Şatırın namizədliyi qeydə alınmadığı üçün Məhəmməd Mursinin namizədliyi müdafiə olunub. Seçkiləri udan Mursi Misirin 5-ci prezidenti olub.
2012-2013-cü illərdə Misir etirazları adı ilə tanınan və 3 avqustda baş tutan böyük aksiya sonu Misir ordusu hərbi çevriliş edərək hakimiyyəti ələ keçirib.
Prezident Mursi isə dövlət çevrilişini qəbul etmədiyini bəyan edərək silahdaşlarını müqavimətə səsləyib.
Hərbi çevriliş nəticəsində həbs edilən Məhəmməd Mursinin ev həbsxanasında saxlanılacağı elan olunub. 2015-ci ilin 16 mayında məhkəmə onun haqqında edam cəzası çıxarıb. Ancaq beynəlxalq təzyiqlərdən sonra 2016-cı ilin 16 aprelində məhkəmə həbs edilən prezidenti “casusluqda” ittiham edərək onu ömürlük həbsə məhkum edib və edam qərarını gündəmdən çıxarıb.
İyunun 17-də axşam saatlarında məhkəməyə gətirilən Məhəmməd Mursinin məhkəmə salonunda qəfil səhhəti pisləşib.
Rəsmi açıqlamaya görə, Mursi xərçəngdən əziyyət çəkirmiş. Ancaq onun ürək infarktı keçirdiyi və bu səbəbdən öldüyü bildirilir.
Ölümündən sonra onun cənazəsi ailəsinə verilməyib. İyunun 18-də Misir vaxtı ilə saat 05:00-da Qahirə yaxınlığında ailə üzvləri və vəkillərinin iştirakı, hərbçilərin nəzarəti altında torpağa tapşırılıb.