Hollandiyalı ekspertlər hadisədə hər hansı texniki səhvi təsdiqləyən dəlillərin olmadığını deyib.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, rusiyapərəst üsyançılar tərəfindən vurulduğu iddia edilən Malayziya Hava Yollarına məxsus Boeing-777 iyulun 17-də Rusiya sərhədinin yaxınlığındakı münaqişəli ərazidə yerə düşüb.
Amsterdamdan Kuala-Lumpura uçan təyyarədə olan 298 sərnişinin hamısı həlak olub.
İlkin hesabatı hazırlayan Hollandiya müstəntiqləri “qara qutuların” məlumatına, kosmik peyklərdən və hadisə yerində çəkilən şəkillərə əsaslanırlar.
Ekspertlər bildirirlər ki, bu, təyyarənin qəzaya uğramasının səbəbləri haqqında yekun hesabat deyil, lakin açıqlanacaq məlumatın əhəmiyyəti böyükdür. Onlar qeyd edirlər ki, döyüşlərin olması hadisə yerində ekspertlərin işini çətinləşdirib.
Sənədin hazırlanmasında Böyük Britaniya, Almaniya, Avstraliya, Malayziya, ABŞ, Ukrayna və Rusiya ekspertləri cəlb olunub.
Hesabatın yekun variantının bu il ərzində açıqlanacağı güman edilir.
Hələlik 193 sərnişinin şəxsiyyəti müəyyənləşdirilib.
Ukrayna hökuməti və bir sıra Qərb ölkələri təyyarənin rusiyapərəst separatçılar tərəfindən “Buk” raketilə vurulduğunu sübut edən ciddi dəlillərin olduğunu bildirirlər.
Moskva separatçıları silahla təchiz etmək ittihamlarını rədd edir.
Samir