Yaponiyanın Baş naziri Şinzo Abe ümid edir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Osakada görüşü zamanı sülh danışıqlarının irəliləyişinə nail olacaq.
Teleqraf.com xəbər verir ki, Yaponiya hökumətinin başçısı bu barədə iyunun 22-də “Yomiuri TV” telekanalına müsahibəsində deyib.
İki ölkə liderinin görüşü iyunun 28-29-da Osakada G20 ölkələri liderlərinin görüşü çərçivəsində baş tutacaq.
“Ümid edirəm ki, bizim Prezident Vladimir Putinlə yeni danışıqlarımız zamanı sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişə nail olunacaq”, - deyə Ş.Abe bildirib.
Baş nazir qeyd edib ki, Rusiya ilə dialoq zamanı qarşı tərəf Yaponiya-ABŞ hərbi əməkdaşlığının müxtəlif aspektlərindən, həmçinin ABŞ silahlı qüvvələrinin Yaponiya ərazisində yerləşməsindən narahatlığını bildirir:
“Biz Rusiya ilə danışıqları Yaponiya ilə ABŞ arasında ittifaqın mövcudluğu faktından çıxış edərək aparırıq. Çalışacağıq ki, mövcud məsələlərin həllinə nail olaq”.
Rusiya Prezidenti iyunun 6-da beynəlxalq informasiya agentliklərinin rəhbərlərinin görüşündə bəyan edib ki, Moskva ilə Tokio arasında sülh danışıqları yolunda duran maneələr sırasında ABŞ-Yaponiya hərbi əməkdaşlığı da var.
Xatırladaq ki, II Dünya müharibəsinin nəticəsi olaraq Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi hələ də imzalanmayıb.