ABŞ Senatı “Milli müdafiə haqqında” qanun layihəsi kimi tanınan 750 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Senatın 86 üzvü büdcəni dəstəkləyib, 8 üzvü isə əleyhinə çıxıb.
Pentaqon üçün 642 milyard dollar ayrılmasını nəzərdə tutan qanunda Enerji Nazirliyinin milli təhlükəsizlik proqramları üçün 23 milyard, ABŞ xaricində əməliyyatlar üçün isə 75 milyard dollar ayrılıb. Büdcənin yerdə qalan maliyyəsi isə fövqəladə durumlar fonduna köçürüləcək.
Həmçinin İran mövzusunda yeni səsvermə keçiriləcək. Müdafiə büdcəsi haqqında qanunun qəbul edilməsinə baxmayaraq ona İranla əlaqələrə dair yeni bir maddə salınacaq.
Demokrat senator Tim Kaine və Tom Udall növbəti səsvermənin ABŞ Prezidenti Donald Tramp tərəfindən Konqresdən xəbərsiz İrana müharibə elan etməsinə maneə məqsədi daşıdığını bildirib. Tom Udall əlavə edib ki, bu maddə dəstək görsə qanun layihəsinə əlavə ediləcək.
Senatdan keçən büdcə Nümayəndələr Palatasında qəbul olunan layihədən 17 milyard çoxdur. Bu məbləğ daha çox Demokratlarla Respublikaçıların anlaşmadığı sərhəd təhlükəsizliyi və nüvə başlıqlı raket daşıyan yeni sualtı qayığın istehsalı üçün nəzərdə tutulur və bununla bağlı müvafiq maddə var.