“Apollo 13”, “Zəka oyunları”, “Da Vinçi Şifrəsi” və “Zəfərə hücum” kimi filmlərin rejissoru olan Ron Hovard opera dünyasının unudulmaz siması Luçano Pavarottinin həyatından bəhs edən sənədli filmlə ekranlara qayıtmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu sənədli film eyni zamanda, 35 ildir kino qadağası olan Səudiyyə Ərəbistanında nümayiş etdiriləcək ilk sənədli film özəlliyinə malikdir.
1982-ci ildə Səudiyyə Ərəbistanında kinoya qoyulan qadağadan sonra kinoteratrların fəaliyyəti dayandırılıb. Keçən illərdə ölkədə başlayan modernləşmə prosesinə uyğun olaraq, kinoteratrların fəaliyyətinə yenidən icazə verilib. İzləmə rekordları qıran “Qara Pantera” Ər-Riyadda açılan kinoteatrda nümayiş etdirilən ilk bədii film olub.
İtalyan opera müğənnisi Luçano Pavarottinin həyatından bəhs edən film isə bu şəriət ölkəsində ekranlara çıxan ilk sənədli film olacaq. Sənədli filmdə opera dünyasının dahi simasının həyatı haqda bilinməyən məlumatlar da yer alıb.
Film iyulun 25-də paytaxt Ər-Riyadda nümayiş olunacaq.