“İran ordusu xaricdən ölkəyə olan hücumların qarşısını almaq gücündədir, amma sərhədlərdən kənarda müharibə əməliyyatlarını həyata keçirməyə hazır deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Fransada nəşr olunan “Le Monde” qəzetinə açıqlamasında hərbi ekspert Əkrəm Xəlif deyib.
Fransalı ekspert hesab edir ki, İranla başlayacaq müharibə bütün Yaxın Şərq coğrafiyasını əhatə edəcək:
“İran İnqilab Keşikçiləri Korpusu Yaxın Şərqi yaxşı tanıyır və bu bölgədə əməliyyatlar təşkil etmək üçün canlı qüvvə və hərbi texnikaya sahibdir. Bu savaşın bütün Yaxın Şərqə yayılacağı və bunun ciddi geosiyasi nəticələr yaradacağı ehtimalı yüksəkdir”.
“Le Monde”nin iddiasına görə, İranın hərbi təchizatı tamamilə köhnədir, lakin Yaxın Şərqdə ən güclü raket potensialı olan təhdidedici gücü təmsil edir:
“İran ordusunun nüvə başlığı daşıya bilən 10 ayrı raket növü var. Lakin digər hava hücumundan müdafiə sistemləri zəifdir. Bu isə o ehtimalı yaradır ki, İran ABŞ-la ehtimal olunan savaşda öz raketlərinə güvənəcək”.