10 Sentyabr 2014 12:16
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası II Elizabet Şotlandiyanın müstəqilliyi haqqında gözlənilən referenduma həsr olunmuş ictimai diskussiyada iştirak etməyəcək.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bununla bağlı Bukkingam Sarayı bəyanat yayıb. Sənəddə deyilir ki, referendum ərəfəsində kraliçanın kampaniyaya təsir etmək istədiyi haqqında ehtimallar qətiyyən həqiqətə uyğun deyil.

Məlumatlarda kraliçanın ölkənin siyasi həyatına qarışmaması Britaniyada demokratiya prinsiplərindən biri kimi qiymətləndirilir.

Daha əvvəl Britaniya KİV-ləri məlumat veriblər ki, kraliça ölkənin parçalanmasının real mümkünlüyü ilə bağlı narahatdır.

Yeni sosioloji sorğulara əsasən, Şotlandiyanın müstəqilliyi tərəfdarlarının sayı artmaqda davam edir.

Maliyyə naziri George Osborne referendumun nəticələrinə görə Şotlandiya Britaniyanın tərkibində qalarsa, ona daha böyük muxtariyyət vəd edib.

Britaniyanın baş naziri David Kameron da dəfələrlə şotlandları Birləşmiş Krallığın tərkibində qalmağa çağırıb: “Bizim birlik misilsizdir. Onu parçalamayın! Birləşmiş Krallıq parçalansa, həmişəlik parçalanacaq. Odur ki, seçim sizindir. Ya “lehinə” səs verib zülmətə atılacaq, yaxud “əleyhinə” səslə Şotlandiyanın xoş gələcəyinə nail olacaqsınız”.

Xatırladaq ki, Şotlandiyanın müstəqilliyi haqqında referendum sentyabrın 18-nə təyin olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər