Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən sabiq xarici işlər naziri Əli Babacan yeni siyasi partiya quracağının anonsunu verib.
Teleqraf.com xəbər verir ki, sabiq nazir bu barədə AKP-dən ayrılması haqda danışarkən bildirib.
Babacan ilk dəfə olaraq yeni siyasi partiya quracağını bu sözlərlə ifadə edib:
“Türkiyənin gələcəyi üçün yeni bir iş görmək qaçılmaz olub. Mən və bir çox dostum belə bir iş üçün böyük və tarixi məsuliyyət hiss edirik. İnanıram ki, üz-üzə qaldığım problemləri ancaq yüksək və peşəkar komanda formasında həll edə bilərik”.
Əlavə edək ki, uzun müddətdir Əli Babacanın sabiq prezident Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə yeni siyasi partiya quracağı müzakirə olunur.
2001-ci ildən AKP-nin üzvü olan Əli Babacan dünən partiyadan istefa verdiyini açıqlamışdı.