“Formula 1”-in keçmiş sahibi, milyarder iş adamı Berni Ekklstoun İngiltərədə nəşr olunan “The Times” qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin haqda ilginc fikirlər səsləndirib.
Teleqraf.com xəbər verir ki, ingilis milyarder Vladimir Putinə dəstək nümayiş etdirib.
88 yaşlı Ekklstoun “Biri avtomatla Putini vurmağa hazırlaşsa, özümü onun qabağına ataram”, deyərək öz fikrini belə izah edib:
“Niyə? Çünki o, yaxşı bir insandır, heç vaxt xalqının ziyanına olan heç nə etməyib”.
Putinin Avropanı idarə etməsinin vacib olduğunu söyləyən Ekklstoun qeyd edib ki, Krımın ilhaq edilməsi Rusiya xalqını yenidən birləşdirib.
İş adamı sözlərinə belə davam edib: “Onun Avropanı idarə etməsini istəyirəm. Əlimizdə başqa kimsə yoxdur, yəni, pisi ola bilməzdi. Amma o (Putin), dediyini edir”.
Berni Ekklstoun keçən il rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Putinin rol oynadığına inanmadığını vurğulayıb: “Bunu Putin etmədi, belə şeylərlə məşğul olmaq üçün çox məşhur biridir. Yalançılar bunu özlərindən uydururlar”.
Berni Ekklstounun Rusiya Prezidenti Vladimir Putinin pərəstişkarı olduğu hər kəsə bəllidir. Putin və Ekklstoun 2014-cü ildə Rusiyada keçirilən idman yarışında səmimi şəkildə kameraların obyektivinə tuş gəlmişdi. Putini “birinci sinif insan” adlandıran məşhur iş adamı bundan əvvəl alman diktator Adolf Hitlerin ünvanına xoş sözlər deməklə diqqət çəkmişdi.